Qafqaz tarixi mərkəzi,
Elşad Əlili
Tarixi Azərbaycan ərazisində bir çox vənglər və onlarla əlaqədar coğrafi adlar vardır. Misal olaraq Qarabağ ərazisində Vəng, Vəngli, Xuda-vəng, Həmşi-vəng, Gədəbəy ərazisində Əyri-vəng, İsmayıllıda Vəng, Naxçıvanda Qızıl-vəng, yenə də Qərbi Azərbaycanın Qarnıbasar mahalında digər bir Qızıl-vəng, Göyçə gölünün qərb sahilində digər bir Əyri-vəng, Göyçə gölündən şimalda, tarixi Qazax-Şəmşədil sultanlığı ərazisində Qoşa-vəng və o bölgələrdə Gədik-vəng, Xındırı-vəng, İlkə-vəng və d. nümunə kimi çəkmək olar. Vəng sözü dilimizdə var olan çox qədim sözdür və orta əsrlərdə əsasən bəzi xristian məbədləri üçün işlədilib. Bu söz xristianlığın erkən çağlarında erməni dilinə də keçib kilsə-monastır kompleksləri üçün vank (վանք) şəklində tələffüz olunur. Ermənilər bu sözün ermənicə olduğunu şübhəyə almaq istəməsələrdə, əslində vəng sözü türkcədən onların dilinə keçən növbəti kəlmədir.
